İnformatika üzrə Ümumrespublika olimpiadasının final mərhələsi keçirildi

8 may 2010-cu il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda Ümumdünya telekommunikasiya və informasiya cəmiyyəti gününə həsr olunan «Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika olimpiadası»nın ikinci, final mərhələsi keçirildi.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən olimpiadanı giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsində yüksək səviyyəli mütəxəssislərə böyük ehtiyac olduğunu bildirdi. İnformatikanın kompyuterləşdirilmiş informasiya sistemlərinin layihələndirilməsi, işlənilməsi, yaradılması, səmərəliliyinin qiymətləndirilməsi, onun müxtəlif sahələrdə tətbiq və təsirinin bütün aspektlərini öyrənən kompleks elm olduğunu qeyd etdi.
Azərbaycanda informasiya cəmiyyətinin formalaşması istiqamətində həyata keçirilən tədbirlər haqqında söhbət açan nazir müavini ölkəmizdə “Biliklər Mərkəzi”nin yaradılması ilə bağlı layihə haqqında da açıqlama verdi. O qeyd etdi ki, informasiya kommunikasiya texnologiyalarının dinamik inkişafı və geniş vüsət alması dünyada informasiya cəmiyyətinin formalaşması, bəşəriyyətin inkişafı üçün böyük imkanlar yaradır. Azərbaycanın gələcəyi olan gənclər də informasiya cəmiyyətinin qurulmasında yaxından iştirak etməlidirlər. Artıq dördüncü dəfədir ki, informatika üzrə beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcək gənclərin seçilməsi üçün həyata keçirilən ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayan nazir müavini tələbələrə uğurlar arzuladı.

Xatırladaq ki, gənclərin İKT biliklərinin təkmilləşdirilməsi, informatika və proqramlaşdırma sahəsində istedadlı tələbələrin aşkara çıxarılması, onlara dəstək məqsədi daşıyan bu olimpiadanın birinci mərhələsində ölkənin 10 ali məktəbini təmsil edən 42 komanda iştirak edirdi. Onlardan respublikanın 6 ali məktəbini təmsil edən 20 komanda finala vəsiqə qazanmışdır.

Bu ilki olimpiadanın birinci mərhələsində respublikanın regionlarından iştirak edən komandaların artması ilə yanaşı yadda qalan hadisələrdən biri də, olimpiada tarixində ilk dəfə olaraq, tədbirə birinci dəfə qatılan və 5 komanda ilə iştirak edən Moskva Dövlət Universitetinin Bakı filialının bütün komandalarının final mərhələsinə vəsiqə qazanması idi.

Olimpiadanın final mərhələsində Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Naxçıvan Dövlət Universiteti, Qafqaz Universiteti və Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri iştirak edirdi. 5 saat ərzində davam edən final mərhələsinin nəticələrinə görə Bakı Dövlət Universitetinin “Autorun.inf ” komandası 1-ci, Azərbaycan Dövlət Neft Akademiyasının “Leker” komandası 2-ci, Moskva Dövlət Universitetinin Bakı filialının “DOOM” komandası isə 3-cü yerə layiq görüldülər.

Olimpiadada müsabiqədənkənar iştirak edən Bakı Özəl Türk Liseyinin “Oli school 1” komandası da balların ümumi nəticəsinə görə I yerə müvafiq bal toplayaraq qeyri-rəsmi olaraq birincilik qazandı.

Qeyd edək ki, olimpiadanın qaliblərinə fəxri fərman, diplom və qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulub. Həmin mükafatlar qaliblərə mayın 17-də keçiriləcək Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş tədbirdə təqdim olunacaq. Qiymətli hədiyyələr tədbirin sponsorları — HP şirkətinin Azərbaycan nümayəndəliyi, Ultra, Bakcell, Azerfon, Detla Telecom və R.I.S.K şirkətləri tərəfindən təqdim ediləcək.

//ict.az

Qalib komandaları saytımız adından təbrik edirik. Oxuduğum Texniki universitet heyf ki yer tutmayıb :)
  • 0
  • 11 мая 2010, 11:01
  • Farik

Комментарии (4)

RSS свернуть / развернуть
+
0
Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika olimpiadası-nın saytı yoxdur bəs?

Olimpiadada müsabiqədənkənar iştirak edən Bakı Özəl Türk Liseyinin “Oli school 1” komandası da balların ümumi nəticəsinə görə I yerə müvafiq bal toplayaraq qeyri-rəsmi olaraq birincilik qazandı.
Ən maraqlı fakt isə budur. Bir türk liseyinin şagirdləri, Azərbaycanın ən mötəbər universitet tələbələrindən daha yaxşı nəticələr göstərib…
avatar

kataloq

  • 12 мая 2010, 11:31
+
+1
Artiq 3 ildirki Ali mekteb telebeleri arasinda informatika olimpiadasi kecirilir ve 3 ildirki Baki Ozel Turk Liseyinin komandasi qeyri resmide olsa 1-ci yer olur .:)
avatar

Abbasbeyli

  • 18 мая 2010, 08:57
+
0
Vahid m., o uşaqlar neçə ildi yüksək nəticə göstərirlər, xatırladığım qədər həmişə qeyri-rəsmi ilk üçlükdə olublar. Savad, lisey və xüsusi hazırlıq öz sözünü deyir.
avatar

RaminOrucov

  • 12 мая 2010, 16:07
+
0
Və nəticə olaraq da universiteti oxumağa xaricə gedəcəklər. Azərbaycan Təhsil Sisteminə eşq olsun!
avatar

kataloq

  • 12 мая 2010, 17:50

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.