"Get orda kimdən soruşsan deyəcək" və ya şəhər nəqliyyat sisteminin onlayn təminatı

Yəqin dəqiq tanımadığınız ünvana gedərkən həmin ünvanı insanlardan soruşarkən bu ifadəni çox eşitmisiz: «Get orda kimdən soruşsan deyəcək.» İnsanlar adətən Sizi təqribi həmin yerə istiqamətləndirirlər, sonra isə həmin yerdə başqasından soruşmağı təklif edirlər :) Bu məqaləni yazmaq ideyası da dəfələrlə bu «məsləhət»i həmvətənlərimdən eşitdikdən sonra ağlıma gəldi. Qərara aldım ki, digər ölkələrdə olan gördüyüm müsbət təcrübələrdən birini Sizinlə paylaşım.
Təhsilimlə əlaqədar 2 il Budapeştdə yaşadığımdan elə məhz bu şəhərdə nəqliyyat sisteminin onlayn təchizatı barəsində Sizə qısa məlumat verəcəm.

Budapeştdə şəhərdə bütün nəqliyyat növləri (metro, tramvay, trolleybus, avtobus, şəhərətrafı elektrik qatarları) «BKV» adlanan qurumun nəzarətindədir və vahid nəqliyyat şəbəkəsi mövcuddur. Bu isə nəqliyyatın daha asan idarə olunması və onlayn təchizatının qurulması üçün çox əlverişlidir. Belə ki, şəhərdə bir yerdən başqa bir yerə getməni planlaşdırmaq üçün mənim bildiyim ən azı 3 resurs mövcuddur:

1. BKV-nin rəsmi saytı. Bu sayt 3 dildə (macar, ingilis, alman) fəaliyyət göstərir və burada bütün nəqliyyat növləri üçün biletlərin qiymətləri, hərəkət marşrutları, dayanacaqları, hər dayanacaqdan avtobusun hansı dəqiqələrdə keçməsi, hətta məhz hansı dəqiqələrdə keçən nəqliyyat vasitələrində əlillərin rahat hərəkət etməsi üçün şəraitin olduğu qeyd olunub. Məsələn, 44 nömrəli avtobusun hərəkət cədvəlinə baxaq. Bu cədvəldə yuxarıda sadalanmış dayanacaqların adlarına vurduqda məhz həmin dayanacaqdan avtobusun hansı saatlarda keçməsini görə bilərik. Eləcə də bəzi dəqiqələrin altından çəkilmiş xətt yuxarıda dediyim kimi əlillərin sərbəst hərəkətinə şərait olan avtobusların məhz nə vaxt dayanacaqdan keçməsini göstərir. Bu şəhər sakinlərinə imkan verir ki, öz dayanacaqlarından avtobusun nə vaxt keçməsinə baxaraq öz hərəkətlərini planlaşdırsınlar. Fikir versəniz görərsiniz ki, avtobusun dayanacaqlardan keçmə tezliyi pik və qeyri-pik saatlara görə, iş və qeyri-iş günlərinə görə dəyişir ki, bu da nəqliyyata tələbatın nəzərə alınması və mümkün sıxlıqların aradan qaldırılması deməkdir. Bu həmin saytın ən sadə funksiyalarından biridir, saytda digər funksiyalar da var, maraqlananlar saytda gəzişərək digər funksiyalara da baxa bilərlər. Qeyd edim ki, sayt mütəmadi olaraq yenilənir, müxtəlif tədbirlər və hadisələrlə əlaqədar olaraq marşrutlarda dəyişikliklər olduqda, saytda bu barədə bildiriş olur.

2. Google Maps xidməti. Bu xidmət şəhər sakinlərinə bir yerdən digər yerə hansı marşrutla getmək, nə vaxt, yola düşmək və nə vaxt çatmaqla bağlı planlaşdırmalar etməyə imkan verir. Mən test üçün Keleti dəmir yol vağzalından Arpad körpüsünə olan yolu axtardım və bu nəticələri aldım:

Gördüyünüz kimi mən Arpad körpüsenə sentyabrın 2-də saat 1-də çatmalı olduğumu qeyd edirəm və bu xidmət mənə 3 müxtəlif yol təklif edir, bunlardan 2-si eyni marşrut üzrə müxtəlif vaxtlarda hərəkəti nəzərdə tutur, 1-i isə fərqli marşrutdur. Siçanla hər hansı marşrutun üzərinə vurduqda isə hansı dayancaqlarda marşrut dəyişməyi, nə qədər piyada yol getməyi belə məhz bu xidmət vasitəsilə görmək mümkündür. 2008-ci ildə bu xidmət istifadəyə verilərkən Google Youtube kanalında rəsmi təqdimat videosunu da yerləşdirmişdi:



Qeyd edim ki, BKV aktiv olaraq Google Maps xidməti ilə işləyir, nəqliyyat cədvəllərində və marşrutlarında yeniliklər olduqda bu xidmətdə də həmin dəyişikliklər edilir.

3. Yerli Utvonalterv.hu saytı. Bu sayt 3 dildə (macar, ingilis və rumin) fəaliyyət göstərir, Google Maps-ə bənzər bir sistemdir, lakin fərqli özəllikləri də var.

Əfsuslar olsun ki, heç paytaxt Bakımızda nəqliyyat sisteminin onlayn təminatı ürəkaçan deyil. Bunun isə bir çox səbəbləri var:
a) Dayanacaq və küçə nomenklaturasının zəifliyi:
— Bakıda dayanacaq nomenklaturaları küçələrə görə deyil, obyekt adlarına (dövlət idarəsi, şadlıq evi, mikrorayon dairələri, metrolar və s.) görədir. Olduğum əksər Avropa şəhərlərində hər dayanacağın adı adətən bu nəqliyyatın hərəkət etdiyi küçəni qarşıda kəsən küçənin adı ilə adlandırılır, çox nadir hallarda obyekt adlarından (adətən tarixi və turistik dayanacaqlarda) istifadə olunur.
— Bakıda küçələrin adları hər binanın tinində, nömrələri isə binanın qapılarında yazılmır.
b) İctimai nəqliyyatın hərəkət cədvəlləri sərnişinlər üçün əlçatan deyil. Hərəkət cədvəlləri yalnız nəqliyyat şirkətində və sürücülərdə olur, dayanacaqlarda, xüsusi veb-səhifələrdə yerləşdirilmir;
c) Nəqliyyat vasitələrinin hərəkətində baş verən dəyişikliklərin sərnişinlərə xəbər verilməsi mexanizmi yoxdur;
d) Google Maps və digər beynəlxalq səviyyədə tanınmış resurslarla lazımi səviyyədə əməkdaşlıq yoxdur.

Bu və digər işlər görüldükdən sonra Bakıda da yolu və ya ünvanı kimdənsə soruşmağa ehtiyac qalmayacaq, insanlar internet üzərindən hər şeyə baxıb gedəcəkləri yeri rahat tapacaqlar.

İstəyənlər mövzunu şərhlərdə davam etdirərək fikirlərini əlavə edə bilərlər.

© Rəşad Mehbaliyev

Комментарии (4)

RSS свернуть / развернуть
+
0
bele bir sistem azerbaycanda ishlemez.
avatar

hvugar

  • 19 сентября 2011, 20:34
+
0
Səbəb?
avatar

RMehbaliyev

  • 19 сентября 2011, 20:53
+
0
sebeb bizde ne surucude, nede sernishinde ele bir medeniyyet yoxdu.
avatar

hvugar

  • 19 сентября 2011, 20:58
+
0
SSRİ vaxtında var idi, çünki buna bənzər mərkəzləşdirilmiş nəqliyyat kartları və hərəkət şəbəkəsi var idi, sürücülər yığdıqları sərnişin sayına görə yox, gördükləri işə görə əmək haqqı alırdılar. Budapeştdə olan sistem həmin vaxt olan qaydaların təkmilləşdirilib bazar iqtisadiyyatına uyğunlaşdırılması və onlayn təchizatın tətbiqindən əmələ gəlib :)
avatar

RMehbaliyev

  • 19 сентября 2011, 21:03

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.