Profanlar üçün eBay haqqında

Mövzunun adı üzərində çox fikirləşdim. Məsələn, xaricdə, ingilis dillilər hər hansısa bir proqram, və yaxud sistem haqqında kitab yazanda, və bu kitabı tamamilə bilməyənlər üçün nəzərdə tutanda, kitabın adını belə seçirlər, məsələn «Windows for dummies» — tərcüməsi, Windows səfehlər (uzunqulaqlar) üçün. Ruslar bunu belə istifadə edirlər «Windows для чайников» — Çaynik bizim o qəfədan deyil haa =) Elə ona görə də, mən də bu mövzunu «Profanlar üçün eBay haqqında» adlandırmağa qərar gəldim. Profan — hər hansısa bir sahədə biliyi olmayanlardır. Əgər dummy və чайник üçün yeni bir azərbaycanca sinonim tapsanız əla olar. Mən çoxdan axtarıram. İndi isə keçək əsas mətləbə:

Əgər bir qism insan brand geyimlər, texnika üçün çoxlu pul xərcləyirsə, bir çox insanlar bu əşyaları daha ucuz əldə etmək istəyir. Ancaq bu saat texnika bizim bazarda da çox baha başa gəlir. Elə digər xırda məmulatlarda… Ona görə, internet üzərindən məhsulları sifariş vermək çox gözəldir. Bunun üçün böyük elan saytları var: eBay, Amazon və s.  Elə kitay saytı olan DealExtreme saytı da çox məhşurdur. Ancaq mən bu gün eBayda məhsul alınması barədə söhbət edəcəm.

eBaydan demək olar nə istəsəniz sifariş edə bilərsiniz. Bir çox satıcılar öz mallarını dünyanın hər bir yerinə göndərir — «Worldwide». Düzdür, göndərilən mallar bir az gec çatsa da, digər bir az tez göndərilən poçt göndərişləri də mövcuddur. Bu haqda bir qədər sonra, ətraflı danışacam. Şəkillər böyütmək üçün üzərinə basın.

İlk olaraq eBayda məhsul sifariş etmək üçün qeydiyyatdan keçib, özünüzə bir hesab yaradın. Bunu saytın yuxarı tərəfində, Register düyməsini seçərək etmək olar.

Bütün bölmələri qeyd edib, confirm edirik. Əgər «All fields are required» səhvi ilə üzləşsəniz, problem yoxdur, deməli parolu çox sadə seçmisiniz. Bir az çətin parol seçməniz məsləhətdir. Məsələn, hərf və rəqəm qatışıq. Sonra emailinizə gələn məktubda confirm code götürüb, qeydiyyatı başa vurun.

Qeydiyyatdan keçdikdən sonra, ürəyinizdən keçən hər bir malı sol tərəfdə yerləşən menü üzrə kateqoriyalarda seçə bilərsiniz. Həmçinin ebayda, istədiyiniz malı axtarada bilərsiniz. Bunun üçün sizə lazım olan malın açar sözünü axtarış panelində yazın. Alınan nəticələrdə, sizə lazım olanı seçə bilərsiniz. Siyahını, ucuzdan-bahaya, bahadan-ucuza, vaxtına görə, sizdən hansı distansiyada uzaq olduğuna görə çeşidləyə bilərsiniz. Eləcə də, əgər istəsəniz, yalnız auksion və yaxud birdəfəlik əldə etmə elanlarını seçə bilərsiniz. Seçdiyiniz məhsulun tapılmış nəticələr üzrə kateqoriyalar təklif olunur. İstədiyiniz şirkətin, eləcədə axtardığınız məhsulun xüsusiyyətlərini seçə bilərsiniz.

Elə nəticələr demişkən, gəlin ebayda hansı cür nəticələrin olduğuna nəzər salaq:
  • Auctions —  adından göründüyü kimi auksion növlü satış növü
  • Buy it now — istədiyiniz zaman əldə etmək imkanlı satış növü
Auction barədə bir az danışaq. Bildiyiniz kimi, eBay əsasən birbaşa elektron maqazin saytı yox, əsasən auksion servisi kimi fəaliyyət göstərir. Bunun üçün, auksion necə işləyir? — sualına cavab tapaq.

Auksionda iştirak etmək üçün, öz maximal qiymətinizi irəli sürməlisiniz. Bu zaman, siz qoyduğunuz qiymət yox, son qoyulmuş auksion qiyməti + eBayın auksion addımı toplanıb qoyulur. Sizin maksimal qiymətinizi heç kim görə bilmir. Əgər kimsə sizin hal-hazırki qoyduğunuz miqdarı keçsə, sizin qoyduğunuz maksimal qiymət funksiyası işə düşüb, avtomatik olaraq qiyməti yenə qaldırır. Əgər sizin qoyduğunuz maksimal qiymət keçilsə, bu haqda sizə məktub göndəriləcək. Əgər yox, auksion zamanı sizin maksimal qiymət keçilməsə, siz bu lotu əldə etmiş olacaqsınız.


Başa düşmədiz? — Onda bir misal gətirim. Tutaq ki, eBayda iPad üzlüyünün qiyməti satıcı tərəfindən 5$ seçilib. Siz 2 gün əvvəl bu məhsulu Park Bulvar dükanlarının birində 20 manata görmüşdüz, indi isə internetdə bunu auksionda görüb, misançün 15$ (11 AZN) verməyə hazırsınız.  Bunun üçün «Place Bid» seçib, öz maksimal qiymətinizi qeyd edirsiniz. Bu zaman, auksion addımı funksiyasını yada salırıq. Deməli hal-hazırki qiymət 5.49$ olduğu üçün, 0.50$ qalxıb 5.99$ olacaq. Əgər kimsə gəlib 10$ qoysa bu xəbər ilə qarşılaşacaq və sizin xod 10.50-yə qalxacaq:
 



 

Bu zaman, alıcı görür ki, 10$ qoyduqda, qiymət 10.50 qalxdı, 12$ qoyur. Yenə həminki xəbərdarlıq ilə rastlaşdıqda, daha da çox qoymaq qərarına gəlir (Əgər yuxardakı şəkilinə diqqət yetirsəniz, auksionçuya  «Increase max bid» yazısının altında təxmini qoyulacaq qiymət təklif olunur).  Bu dəfə alıcı, 20$ auksion gedişi etdikdə bu xəbərdarlıq yaranır və sizin maksimal qiymətinizi keçir. Bu haqda sizə də xəbərdarlıq gəlir.

Bu zaman sizin Azərbaycanlı qanınıza düşsə, hislənib bu malı 100% almaq istəsəniz 30$ qoyursunuz və bu dəfə lotun qiyməti 0.50 qalxıb, 20.50$ olur. Yadınızdan çıxmayıbsa, auksion addımının qaydalarına görə, $ 5.00 — $ 24.99 arası, gediş 0.50$ -dır. Budur, əgər bundan sonra heç kim əgər sizin qiymətinizi keçməsə, malı qoyduğunuz 30$ yox, hal-hazırki 20.50 dollara alacaqsınız.

Bu sadə lotlara aiddir. Satışda elə lotlar olur ki, üzərində lap qırğın gedir. Hətta internetdə elə servislər var ki, son saniyələrdə avtomatik maksimum gediş edib, qalib gəlirlər. Ancaq yadınızda saxlayın, bu «snayper» adlanan xidmətdən çox adam istifadə edir, kimin bəxti gətirsə, o da qalib gələcək.

Birdən deyə bilərsiniz ki, əgər maksimum qoyulan qiymət yox, ən son və baha qoyulan qiymət udursa, bəlkə elə 500 dollarlıq telefona 10000 qoyub, qalib gəlmək olar. Bəli olar. Amma birdən 500 manatlıq telefona biri 600 dollar qoysa, sizin xidmət avtomatik olaraq qiyməti ondanda yuxarı qaldıracaq. $ 500.00 — $ 999.99 arası, eBay addımının 10.00$ olduğu üçün, qiymət 610$-a qalxacaq. Bu sizə lazımdır? Lazımdırsa qoya bilərsiz, mənnən deməkdi…

Birdə, hərdən, satıcılar minimal qiymətdən əlavə, məhsulu satmaq istədiyi qiyməti də qoya bilər. Məs: iPhone 99$ minimal qiymət qoyub, amma 200$ satmaq istəyir. Bu qiymət Reserve Price adlanır. Əgər auksion zamanı hər hansısa bir alıcı 200$ civarını keçməsə, məhsul satılmır. Lakin çox vaxt satıcılar normal qiymətdən başlayıb, bu minimal keçid qiymətini qoymurlar ki, məhsulları rahat satılsın.

Hərdən auksionların uzun-uzadı getməməsi üçün, «But it now» — "İndi al" — düyməsi olur. Bu, məhsulu auksionsuz, birdəfəlik almaq üçündür.

Əgər ürəyinizdən keçirsə, məhsulu «Buy it now» düyməsi ilə seçib ala bilərsiniz. Bu zaman məhsul auksiondan çıxır və sizin adınıza yazılır. PayPal ilə məhsulun pulunu ödədikdən sonra, sizə göndərilir. Məsələn, siz əgər yalnız Auksion yox, Buy it now tipli elanları görmək istəyirsinizsə, bunun üçün məhsulların siyasında, seçim edə bilərsiniz:


Buy it now tipli satış növlərində hərdən bir satıcının öz qoyduğu qiyməti, müştəri ilə razılaşdırma yolu ilə dəyişmək istəyi də bildirilən hallar olur. «Best offer» yazılmış satıcılarda bu üstünlük təqdim edilir. Məhsulun satılma səhifəsində «Buy it now» düyməsindən aşağıda, «Make offer» düyməsini seçərək, öz qiymətinizi təqdim edə bilərsiniz. Satıcı razılaşsa, məhsulu istədiyiniz qiymətə əldə edə bilərsiniz.





 Məhsulları alarkən nəyə diqqət yetirməliyik? 
Hər bir məhsulu satarkən, məhsulun səhifəsində onun haqda məlumatlar olur:

1. Item condition — New (Yeni), Refurbished (Təmir olunmuş), Used (İşlənmiş)

2. Məhsul haqda məlumat: Səhifədə məhsul halda ətraflı oxuyun ki, aldıqdan sonra başqa bir problemlə qarşılaşmayasınız. Paketləşmədə hansı cihazların olacağı siyahı ilə tanış olun. Əgər hansısa bir məmulat çatışmırsa, almadan əvvəl — satıcı ilə əlaqə saxlayın

3. Seller info — bu satıcı haqda, daha dəqiq satıcının hesabı haqda məlumatdır. Mən əsasən daha çox FeedBack (şərh, təşəkkür, qısa cavab yazmaq) olunmuş satıcılarla iş görməyi məsləhət görərdim. Məsələn, daha çox FeedBack və təşəkkür olunmuş satıcılar, «Top-rated seller» adı və eBay qızıl medalını alırlar, bu da satıcının yüksək xidmət göstərdiyini göstərir. Burada satının adı bidallies, 78128 isə xalıdır. Mənim bəxtimdən, misal gətirdiyim satıcı "Əjdaha" düşüb. Xalların sayına bax ha… =)

4. Item location (Məhsulun yerləşdiyi yer) və Ships to (Hansı ölkələrə göndərilməsi)

Məhsulun yerləşdiyi məkana baxın. Bu Amerika olsa, adi poçt (USPS or Air mail) ilə göndərilsə, 2-3 həftə arası, İngiltərə olsa 1-2 həftə, Çindən isə 1 aya qədər vaxta gələ bilər. Yəni nə qədər yaxın olsa, o qədər yaxşıdır. Poçt göndərmələri haqda bir qədər sonra danışacam.

Ships to — Məhsulun göndərilə biləcəyi ölkələr. Çox satıcılar bütün dünya üzrə göndərməyə çalışırlar. Lakin elə satıcılarda var ki, lakin Amerika ərazisi üzrə satışa üstünlük verirlər. Bunun üçün seçdiyiniz məhsulun haraya göndərilməsinə diqqət yetirin.
Daha bir məlumat, elə olur ki, Worldwide (bütün dünya üzrə) göndərirlər, lakin burada istisnalar mövcuddur. Məsələn, Worldwide sözünün altında «See exclusions» deyə bir yazı olur. Bu istisna ölkələrin siyasıdır. Bu düyməni seçib, Azərbaycanın o siyahıda olub-olmadığını yoxlayırıq. Gördüyünüz kimi burada yalnlız Venezuela və Indonesiadır. Amma inanın, elə mallarda, Azərbaycanın da adı olur:

Əgər siz yalnız Azərbaycana göndərilən malları seçmək istəyirsinizsə, axtarışdan sonra, yaranmış məhsul siyahısında «Shipping to» düyməsinə basıb, yaranmış pəncərədə Azerbaijan seçin.

5. Payment (ödəniş) — çox vaxt bu menüdə PayPal olur. PayPal sizinlə satıcı arasında əlaqə yaradan bir servisdir. Burda PayPal haqqında ətraflı danışmaq üçün vaxtımız qalmır, ancaq, əgər qısa məlumat verim ki, PayPal alınan malların çatdırılması üçün zəmanət verir (bu zəmanət əvəzində hər malın alınması zamanı bir neçə dollar xidmət haqqı götürür). Yəni əgər məhsul sizə gəlib çatmasa, ilk olaraq satıcı ilə, bunu satıcı həll etməsə, PayPal ilə əlaqə saxlayıb, pulunuzu geri ala bilərsiniz. PayPal-dan qeydiyyatdan keçmək barədə yazmışdım: http://elekberov.com/new-paypal-account/

Bəlkə hansısa məqamı yaddan çıxardım… Amma əsas bu yuxarıda sadaladığım halları yaddan çıxarmayın.  
Çatdırılma və gömrük 
Hə, çatdırılma… Bu bizim ən ağrılı yerimizdir. Bir qədər əvvəl qeyd etdiyim kimi, çatdırılma, məhsulun yerləşdiyi məkana baxın. Bu Amerika olsa, adi poçt (USPS or Air mail) ilə göndərilsə, 2-3 həftə arası, İngiltərə olsa 1-2 həftə, Çindən isə 1 aya qədər vaxta gələ bilər. Yəni nə qədər yaxın olsa, o qədər yaxşıdır. USPS Amerikanlıların bizim AzeriPoçt kimi bir xidmətdir. USPS-in «Standart» növü, sadə və ucuz poçt göndərilmə yoludur.

Yox, əgər siz məhsulun daha tez göndərilməsini istəyirsinizsə, digər bahalı poçt xidmətlərindən istifadə edə bilərsiniz. Bahalı lotlar olduqda, «USPS Express Mail International» məsləhət görülür. Bu vasitə ilə sizə AzerPoçt EMS düz evivizə gətirib çıxarır. Onun ardı ilə USPS Priority Mail International gəlir. Priority seçsəniz, məhsulu evinizə gətirməsələrdə, ən ucuz (First Class Mail International) növündan daha tez gəlib çıxacaq, hətta məhsulun harda yerləşdiyini tracking şifrə ilə izləyə bilərsiniz. First Class Mail International isə ən standart, sadə növdür. Tracking şifrə olmur, evinizə gətirmirlər, bir az gec gəlir. Bu əsasən ucuz mallar üçün nəzərdə tutulub.

Satıcıların içində DHL, FedEx, UPS poçt xidmətləri ilə göndərmək imkanı olduqlarını da bildirənlər olur. Bu cür poçt xidmətləri bahalı məhsulların tez, izləmə imkanı (tracking), sınmadan və yaxud hansısa xətər yetirilmədən çatdırılması üçündür.

eBayda və PayPalda ünvanınızı qeyd edərkən, latın hərfləri ilə və aydın yazın. Lakin çox da narahat olmayın. Bu çatdırmanı sizə bizimkilər edəcək ki, onlardada çox vaxt küçə, ad və s. başa düşmə problemləri yaşanmır. Məs:

Farhad Alakbarov
ul. Sulh, dom Х, korpus Х, kv. ХХ
Baku, 1132
Azerbaijan Republic

Keçək digər, gömrük məsələsinə… Bizdə hər bir məhsul üçün say və qiymət maksimumu var. Sizin xaricdən məhsulları gömrük ödənişi etmədən keçirmək istəmirsinizsə, lakin 1 nüsxə gətirə bilərsiniz. Yəni 3-4 nüsxə gətirsəniz, artıq bu məhsul partiyası kimi gedəcək və bunu müvafiq qanunlara görə % ödəməli olacaqsınız. Maksimum qiymət isə 200$-dır (bu qiymət vaxta görə dəyişə bilər — tam dəqiq məlumat deyil). Siz 200$-dan bahalı məhsul alsanız, sizi gömrük bölmələrinin birinə çağırıb, % ödənişi etmək tələb edəcəklər. Yox əgər məhsul 1 sayda və 200$-dan ucuzdursa, çatdırılmada problemlər yaşanmayacaq.

Sizə bu qiymət məsələsində bir nüans çatdırmaq istərdim. Məsələn, elə hallar olur ki, göndərici və qəbul edici arasında müqaviləyə görə, məhsulun invoice(qiymət vərəqəsi,məlumatları) qiymət 1000$ yox, gömrük % ödəməmək üçün 150-190$ seçilir. Buna əsasən çin dostlarımız razılaşırlar. Amerikalılar buna çox vaxt razı olmurlar, çünki bu Amerikada böyük qanun qozuntusudur. Lakin bu gözəl nüansın pis cəhətləri də var. Gömrükə gələn malların çoxunu açıb yoxlayırlar. Orada sizin 1000$ məhsulu götürüb, 200$ mal ilə əvəz etsələr, siz heç nə sübut edə bilməyəcəksiniz.

Hə, birdə yadımdan çıxmışdı. AzərPoçt-da, hər bir gələn məhsul üçün 1 manat 50 qəpik istəyirlər. Sözün düzü bu haqda disput.az forumunda çox müzakirə etmişdik. Hansı qanuni qərara söykəndiyi yadımdan çıxıb, ancaq yaddaşım məni aldatmırsa bu pul alınmamalıdır. Ancaq yenədə, əgər sizə baş ağrısı deyilsə, bu pulu verin. Birinci dəfə deyilki, nəyəsə görə pul istəyirlər =) Hələlik bu qədər, əgər hər-hansısa sualınız olsa, şərhlərdə yox, www.cavablar.net saytında versəniz əla olar. Çünki birdən bu mövzuya vaxt keçdikdən sonra diqqət yetirmək yadımdan çıxar.

Original: elekberov.com/profanlar-ucun-ebay-haqqinda/
  • 0
  • 11 сентября 2011, 18:51
  • Farik

Комментарии (0)

RSS свернуть / развернуть

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.