İlin sonuna kimi Bakı kəndləri sürətli İnternet xidməti ilə təmin ediləcək

Ölkəmizdə İnternet xidmətlərinin yüksəldilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Son zamanlar İnternetin sürətinin artması, qiymətinin isə azalması sevindirici haldır. Onu da qeyd edək ki, Bakı şəhərində istifadəçilərin ADSL texnologiyaları vasitəsilə sürətli İnternetə qoşulmanın artım tempi yüksəlib. 2004-cü illə müqayisədə 2010-cu ildə digər provayderləri nəzərə almadan, ayrılıqda “Bakinternet”in istifadə etdiyi beynəlxalq İnternet resursunun həcmi 100 dəfə artmışdır.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin(BTRİB) rəsmisindən aldığımız məlumata əsasən, hazırda BTRİB şəbəkəsinin xidmət ərazisində ADSL istifadəçi xətlərinin sayı 55000-i ötür, o cümlədən “Bakinternet” İnternet platformasına qoşulan abonentlərin sayı 20 minə çatıb. Bundan başqa BTRİB-in telefon xətt şəbəkəsi vasitəsilə digər provayderlərin İnternet platformasına qoşulmuş aktiv ADSL xətlərinin sayı 35 mindən artıqdır. “AzDataKom” şəbəkəsinə qoşulan ADSL abunəçilərin sayı isə 532-dir. BTRİB cari ilin sonuna ADSL istifadəçilərinin sayının 100.000-ə çatdırılmasını planlaşdırır.

Qeyd edək ki, Bakı şəhəri üzrə bu xidmətlərdən bir qədər passiv istifadə edən abunəçilər də nəzərə alınarsa ADSL xidmətlərindən istifadə edən abunəçilərin sayı 70000-ə çatır və hazırda BTRİB şəbəkəsində digər provayderlərin portları da nəzərə alındıqda 90-100 min abunəçiyə ADSL xidmətinin göstərilməsi imkanı var.

Son iki illə müqayisədə “Bakinternet” beynəlxalq İnternet resurslarından istifadənin sürəti beş dəfə artırılaraq hazırda 1,5 Gbit/s təşkil edir. Bu layihə çərçivəsində “Bakinternet” İnternet mərkəzinin aparat və proqram təminatının yenidən qurulması, NGN layihəsinin genişləndirilməsi, NGN olmayan elektron ATS-lərdə DSLAM avadanlıqlarının quraşdırılması istiqamətində işlər aparılır.

BTRİB tərəfindən şəbəkədə stansiyalararası rabitənin etibarlılığının təmini və istifadəçilərə genişzolaqlı İnternet xidmətləri təqdim etmək üçün müxtəlif istehsalçı şirkətlərin (Huawei, ZTE və Cisco) rutorlarından istifadə olunaraq böyük tutumlu ATS-lər arasında 10 GB-lik, kiçik tutumlu ATS-lər arasında isə GB/s sürətli data şəbəkələri yaradılıb. Həmçinin şəbəkənin ayrı-ayrı seqmentlərində mövcud SDH şəbəkələrinə alternativ olaraq (Huawei və ZTE-nin istehsalı olan) SDH-Ethernet şəbəkələri qurulmuşdur.

BTRİB-in tətbiq etdiyi IP data şəbəkəsi üzərindən mövcud SDH şəbəkəyə alternativ E1 kanallarından təşkil olunmuşdur. Stansiyalararası rabitədə perspektivi nəzərə alaraq 144 və 48 lifli fiber-optik kabellərdən istifadə edilmiş və bu optik kabel şəbəkə sistemi şərq istiqamətində — Türkan, cənub istiqamətində — Səngəçal qəsəbəsini əhatə edir. İlin sonuna kimi Bakıda qalan bütün qəsəbələrin, o cümlədən Zirə və Pirallahı daxil olmaqla ATS-lər və həmin qəsəbədə sürətli İnternet xidmətini təmin etmək üçün quraşdırılacaq IP-DSLAM avadanlıqları ümumi optik şəbəkə sisteminə qoşulacaq. Şəbəkənin normal fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edən stansiyalararası rabitə sisteminin qurulmasında alternativ optik kabel və transmissiya şəbəkə multipleksorları tətbiq edilib.

//ict.az
  • 0
  • 21 июня 2010, 15:30
  • Farik

Комментарии (0)

RSS свернуть / развернуть

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.