Vikipediya (ing. Wikipedia) — İnternetdə azad şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən yaradılan ensiklopediya. Yarandığı dövrdən, yəni 2001-ci ilin əvvəllərindən Vikipediyadakı istifadəçi və məqalə sayı durmadan artır, ensiklopediya hər keçən gün daha çox məşhurluq qazanır.
Vikipediyanın yaradıcıları — Cimmi Ueyls və Larri Senger 15 yanvar 2001-ci ildə tamamilə ayrı fəlsəfəyə əsaslanan, biliklərini paylaşmaq istəyən insanların birgə təşəbbüsü ilə dünyanın ən dolğun İnternet ensiklopediyasını yaratmaq qərarına gəlmişlər. Bu təşəbbüs özünü doğrultmuş və Vikipediya qısa zamanda dünyanın ən məşhur 25 internet saytı sırasına daxil olmuşdur. 2009-cu ildə aparılan araşdırmalara görə, ingilis dilində olan Vikipediya dünyanın ən çox oxunan və internet istifadəçilərinin tez-tez müraciət etdikləri saytlar arasında 1-ci yeri tutmuşdur.
