E-demokratiya, e-nəsil, e-seçkilər... Avropa Gənclər Parlamenti, Krakov


Mart ayında Avropa Gənclər Parlamentinin Polşanın Krakov şəhərində növbəti regional sessiyasının keçiriləcəyi barəsində elan gördüm. Elanı oxudum və məlum oldu ki, müxtəlif komitələrdəki mövzularda internetin və yeni texnologiyaların tətbiqi diqqət mərkəzindədir. "İnkişaf" komitəsində olan mövzu isə birbaşa e-nəsilin e-demokratiya prosesində iştirakı və müasir medianın gənclərin seçkidəki iştirakının artırılmasında necə istifadə oluna biləcəyi barəsində idi və hazırda Sosial Yeniliklər Düşərgəsinin layihə koordinatoru olduğumdan bu cür sosial innovativ ideya ətrafında müzakirələrdə iştirak etmək üçün bu komitədə olmaq qərarını verdim. Komitəmizdə müxtəlif ölkələrdən (Azərbaycan, Türkiyə, Estoniya, Polşa, İsveç, Belarus, Ukrayna, Xorvatiya) iştirakçıların olması müxtəlif ölkələrdəki təcrübələrlə tanış olmağa imkan verirdi. Xüsusən də e-hökumət sahəsində dünyada ilk yerlərdən birini tutan Estoniyadan iştirakçının olması müzakirələri daha da maraqlı etdi. Müzakirələri mövzu ətrafında (E-nəsil üçün e-demokratiya, Avropa gənclərinin seçkilərdə daha aşağı iştirak etməsinə cavab kimi. Müasir media Avropa Birliyində gənclərin seçkilərdə iştirakının artırılmasında necə istifadə oluna bilər?) beyin həmləsi etməklə başladıq, fikirlərimizi 3 qrupa böldük: problemlər, faktlar, həlli yolları. 2 günlük müzakirələr nəticəsində qərara aldıq ki, Avropa Birliyində gənclərin seçkilərdə aşağı iştirak faizini müasir media (ənənəvi medianın müsair formaları və yeni media) vasitəsilə artırmaq mümkündür. Gənclər arasında hər seçicinin səsinin əhəmiyyətli olması, seçkinin onlara qərarvermə prosesində dolayısı ilə iştirak etmək üçün şərait yaratması, namizədlər barəsində obyektiv, qərəzsiz məlumatların gənclərə çatdırılması, e-demokratiya prosesində e-yeniliklər barəsində mütəmadi olaraq e-nəslin məlumatlandırılması, e-seçki sisteminin daha ucuz, asan, az bürokratik, müdaxilə oluna bilməyən, seçkisonrası verilən səsin yoxlanmasına şərait yaradan yenilik olması barədə fikirlərin aşılanması baxımından müasir medianın rolu əvəzsiz ola bilər. Nəzərə alındı ki, gənclərin artıq hər şeyi internet üzərindən və ya e-alətlər vasitəsilə etməsi baxımından e-seçkinin həyata keçirilməsi gözlənilən addımdı və qaçılmazdı. Estoniyadan olan iştirakçı artıq ölkədə mövcud olan və uğurla baş tutmuş e-seçki sistemindən, mobil telefonla səs vermənin mümkünlüyündən, həmçinin seçki yaşına çatmamış şəxslərin e-seçki barəsində məlumatlandırılması və vərdişlərinin artırılması üçün həyata keçirilən "kölgə səsverməsi" barəsində məlumat verdi. Qeyd edim ki, e-seçki artıq bir neçə Avropa ölkəsində həyata keçirilir. Əsas problem kimi seçicilərin məxfliyinin qorunması, sonradan səslərinin düzgün hesablanmasını yoxlaya bilməsi, seçki məlumatlarına e-hücumların ola bilməsi kimi problemlər müzakirə olundu və təklif olundu ki, təhlükəsizlik və məxfilik üçün e-bankçılıq sahəsindəki təcrübədən, səslərin yoxlanması, seçki məlumatlarının şəffaflığı üçün David Bismarkın TED.com saytındakı təsvir etdiyi metoddan istifadə etməsinin mümkünlüyü nəzərə alındı. Bundan əlavə Avropa Birliyi səviyyəsində 2 müxtəlif QHT-nin yaradılması təklif olundu ki, bunlardan biri e-seçki zamanı şəffaflığa, digəri isə seçkiöncəsi təbliğatın obyektiv aparılmasına, e-yeniliklər haqqında məlumatlılığın artırılmasına nəzarət etsin. Digər maraq doğuran məqam isə namizədlərin, seçkiyə məsul şəxslərin onlayn çatlar vasitəsilə gənclərlə ünsiyyətini asanlaşdıran dialoqunun nəzərdə tutulmasının təklif olunması oldu.
Qeyd edim ki, digər komitələrdə də İKT ilə bağlı mövzular (kibercinayətlər, internet üzərindən əhalinin sosial problemlərinin həlli və s.) müzakirə olunmuşdu.

Müzakirə zamanı istifadə olunmuş digər mənbələr:
1. BBC: Is a democracy good thing?;
2. Alexander Prosser, Robert Kimmer: Electronic Voting in Europe, Technology, Law, Politics and Society;
3. Parlamentary Office of Science and Technology: E-democracy.

© Rəşad Mehbaliyev

“Elektron hökumət Azərbaycanda: nailiyyətlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək

26-28 aprel 2010-cu il tarixlərdə Azərbaycan Texniki Universitetində “Elektron hökumət Azərbaycanda: nailiyyətlər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Estoniya İdarəetmə Akademiyası, Azərbaycan Texniki Universiteti, AMEA İnformasiya Texnologiyaları İnstitutu və AKTAM qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə keçiriləcək tədbir ölkəmizdə “Elektron hökumət” Dövlət Proqramı çərçivəsində görülən işlərin müzakirəsi və perspektivlərin müəyyənləşdirilməsi, İT sahəsində alınmış elmi nəticələri ümumiləşdirmək, ölkədə elektron hökumətin formalaşdırılması prosesində elmi-texniki ictimaiyyətin iştirakını genişləndirmək məqsədi daşıyır.

Konfransda e-hökumət və səmərəli dövlət idarəetməsi (dövlət orqanlarında İKT-nin tətbiqi, e-hökumətin qanunvericilik bazasının təkmilləşdirilməsi, e-hökumət həlləri və e-xidmətlər), e-hökumət və özəl sektorun inkişafı (özəl sektor üçün e-xidmətləri, e-ticarət, özəl sektorda İKT-nin tətbiqi), elektron universitet (distant və fasiləsiz təhsil, vətəndaşlara təhsil xidmətlərinin göstərilməsi, e-hökumət üçün kadr hazırlığı) istiqamətləri üzrə mövzular əsas müzakirə obyekti olacaq.

Beynəlxalq konfransda iştirak etmək istəyənlər məruzələrin mətni və elektron versiyasını 16 aprel tarixindən gec olmayaraq Az.1073, Bakı şəhəri, H.Cavid pr.,25 ünvanına və ya konfrans-aztu@mail.ru e-poçtuna göndərə bilərlər.

//www.ict.az
  • 0
  • 02 апреля 2010, 01:24
  • Farik
  • 12