"Azadlıqda İnternet 2010"


Bir anlıq “Azadlıqda internet” haqqında düşünün. Ağlınıza nə gəldi? Yəqin söhbətin nədən getdiyi bir az qaranlıq qaldı. Onda keçim əsas məsələyə.
Azadlıqda internet 2010” adlanan layihə Google və hazırda təhsil aldığım Mərkəzi Avropa Universitetinin birgə təşkilatçılığı ilə bir neçə gün öncə, daha doğrusu 20-22 sentyabrda Budapeştdə keçirilmiş tədbirin adıdır. Tədbir haqqında həm universitetimizin, həm də tədbirin veb saytından xəbər tutdum, təşkilatçılara iştirak niyyətimi bildirdim və dəvət aldım. Diqqətimi çəkən təkcə tədbirin adı, nüfuzlu təşkilatçıları və iştirakçıları (onlar arasında Google, YouTube, Facebook, ATƏT, BBC, Dünya Bankı, Fransa Xarici İşlər Nazirliyi, UNESCO, Harvard Kennedi Məktəbi, Oksford İnternet İnstitutu, Yeni Amerika Fondu, Global Voices və s. şirkət və təşkilatların nümayəndələri də var idi) deyil, eləcə də maraqlı formatı və gündəlikdə olan mövzular idi.
Tədbirin ilk günündə, 20 sentyabrda əvvəlcə GoogleMərkəzi Avropa Universitetinin nümayəndələri tədbir və onun gedişi haqqında məlumat verdilər, sonra isə 3 müxtəlif zalda paralel təqdimatlar getdi. Mən “Senzuradan texnologiyalar vasitəsilə yayınma” təqdimatında dinləyici kimi iştirak etdim. Yəməndən olan nümayəndə orada mövcud olan bəzi saytların bloklanmasından, buna qarşı istifadə etdikləri texnoloji yeniliklərdən, Kanada və ABŞ-dan olan nümayəndə isə internet senzuradan hansı proqram və saytların köməkliyi ilə yayınmağın mümkünlükləri barədə məlumat verdi. Öz növbəsində dinləyicilər öz ölkələrində olan internet senzuranın vəziyyəti, ondan necə yayındıqları barədə məlumat verdilər, yaranan sualları professionallara ünvanladılar.
Növbəti gün isə Mərkəzi Avropa Universitetinin Prezidenti və Rektoru Con Şattak (o daha əvvəl Harvard Universitetinin vitse-prezidenti olub) və Google şirkətinin Baş Vitse-prezidenti David Drummond tədbirin rəsmi açılışını elan etdilər. Tədbirin bu günü müzakirə panelləri şəklində oldu və ilk müzakirə “İnternet və azad ifadənin qısa tarixi” barədə oldu. Bu paneldə Qırğızıstan, Pakistan və Hindistandan olan iştirakçılar ölkələrində müxtəlif yönümlü problemlərdən danışdılar: Qırğızıstandan olan iştirakçının hökumətin YandexMail.ru-dan Qırğızıstan istifadəçilərinin elektron məktublaşma bazasını almasını və bu mail xidmətlərinin bu məlumatı verməsini, bunun isə həmin yazışmaların sahiblərinin təzyiqlərlə nəticələnməsi məsələsini, Hindistandan olan iştirakçının Hindistanda uşağın cinsini əvvəlcədən müəyyən etmək üçün olan onlayn xidmətlərə girişin qadağan olunması problemini, Pakistandan olan iştirakçının isə Facebook-un öz qaydalarına əməl etməməsini qabartması diqqətimi daha çox çəkdi. Növbəti paneldə müzakirə mövzusu İnternetin siyasi dəyişikliklərə nə qədər təsir etmək gücünə malik olması ətrafında oldu. Niderlanddan olan internet aktivist öz təcrübəsindən, Belarusdan olan nümayəndə bu sahədə ABŞ-da apardıqları tədqiqatların nəticəsindən danışdılar və dinləyiciləri maraqlandıran suallara cavab verdilər. Nahardan sonra onlayn ifadə azadlığının dəyəri, inkişaf etməsi və qarşıda duran problemlər barədə müzakirələr oldu. ATƏT-dən olan nümayəndə Dunja Mijatovicin Azərbaycanda bloqçuluq və medianın sıxılması barədə fikri diqqətimi çəkdi, dərhal Google-da axtarışlarım həmin qadının Azərbaycana münasibətdə belə bəyənatlarla dəfələrlə çıxış etməsini üzə çıxardı (bu Azərbaycanın adının neqativ mənada çəkildiyinin şahidi olduğum yeganə məqam oldu). O özü bu yaxınlarda Azərbaycana səfər edəcəyini dedi və ümid edirəm ki, o zaman Azərbaycanda internetin və azad özünüifadənin vəziyyəti haqqında onda olan fikir müsbətə doğru dəyişəcək. Türkiyədə YouTube-un bloklanması və Macarıstanda mülki azadlıqlar barədə də müzakirələr bu paneldə səsləndi. Növbəti panellər isə Avropa hökümətlərində və sənayedə bu sahədə olan yenilikləri əhatə etdi.
Tədbirin son günü isə nisbətən azad və sərbəst müzakirələri əhatə etdi. İnternetin milli sərhədləri keçdikcə xeyri ilə bərabər təhlükələr yaratması, məxfilik və ifadə azadlığı arasındakı sərhədlərin müəyyən olunması, milli təhlükəsizlik məsələsinin onlayn informasiya azadlığına nə qədər güzəştə gedilə bilməsi məsələsi müzakirə olundu. Bundan başqa azad ifadənin bir çox texnoloji üsulları, şəffaflıq alətləri və bu sahədə yeni yaradılmış internet saytların təqdimatı da bu gün ərzində həyata keçirildi. Tədbirin son müzakirələri isə hər kəsin marağından və seçdiyi mövzudan asılı olaraq 4 paralel sessiyalarda baş tutdu. Mən “Hökumət və bloqçular arasında siçan-pişik oyunu” mövzusunda dinləyici oldum, Misir və ABŞ-dan olan bloqçuların öz təcrübələrindən olan fikirləri, eləcə də dinləyicilərin İranda, Tunisdə, Suriyada “bu oyun”un hələ də çox ciddi getməsi müzakirə olundu, müsbət təcrübələr diqqətə çatdırıldı. Günün ən son bağlanış iclasında isə bu tədbirdən iştirakçıların hansı qənaətə gəlməsi, nə edəcəkləri haqqında fikir mübadiləsi oldu.
Tədbirdə ən xoşuma gələn məqamlar: tədbirin Google Saytında canlı yayımlanması, müzakirələrin müxtəlif qarşı tərəflər, hətta düşmən millətlər arasında olduqca sivil şəkildə keçməsi, fikirlərə hörmətin yüksək ifadəsi.

P.S. Tədbirdə ən çox mənfi mənada adı hallanan ölkə Çin oldu: -)

© Rəşad Mehbaliyev

Комментарии (0)

RSS свернуть / развернуть

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.