Virtual məkanda niklər aləmi

Bu da mənim öz yazımdır.
V. Haqverdiyev // Rabitə dünyası 14 Avqust 2009-cü il.
Mənbə: old.rabitadunyasi.info.az/dim.asp?id=10071

Bu gün internetdə saysız-hesabsız nikneymlərə (“nickname” ingilis dilində ləqəb, təxəllüs deməkdir), qısa desək, niklərə rast gəlmək olar. Müxtəlif insanlara məxsus olan bu niklərin başlıca vəzifəsi virtual aləmdə öz sahibini anonim saxlamaq və onu uydurma ad altında gizlətməkdir. Bu baxımdan nikləri təxəllüslərin müasir forması hesab etmək olar. Çünki, təxəllüslər də ilk dəfə yarananda məhz müəlliflərini anonim saxlamaq funksiyası daşımışdır.
Demək olar ki, bütün xalqların ədəbiyyatında əsil adını gizlədən ədiblər olmuşlar. Onları belə addım atmağa müxtəlif səbəblər məcbur etmişdir. Bir çox müəlliflər təqibdən qorunmaq üçün, digərləri adlarının yaxşı səslənmədiyinə görə və ya eyni adlı başqa yazanla səhv düşməmək üçün təxəllüslərdən istifadə etmişlər. İctimai vəziyyətləri açıq ədəbiyyat sahəsində fəaliyyət göstərməyə icazə verməyən insanlar da müxtəlif gizli adlar altında fəaliyyət göstərmişlər. Təzə yazmağa başlayanlar isə tənqiddən uzaq olmaq məqsədilə uydurma ad altında gizlənirdilər. Dəbə görə və ya oxucuları intizarda saxlamaq üçün təxəllüs götürənlər də olmuşdur. Bəzən isə təxəllüs götürməklə, müəllif öz adını gizlətmək yox, əksinə öz peşəsini, millətini, doğulduğu yeri, sosial vəziyyətini, yaradıcılıq istiqamətini və ya xarakterinin əsas cizgisini xüsusi qeyd etmək məqsədini güdmüşdür. Təxəllüslərə aid bütün bu xüsusiyyətləri, niklərə də şamil etmək olar. Yəni, insan həyatda öz adı ilə deyə bilmədiyini internetdə çox asanlıqla nik vasitəsilə söyləyə bilər və eyni zamanda da anonim qalar.
Ümumiyyətlə, niklərdən, əsasən, internet forumlarda, çatlarda, virtual tanışlıqda istifadə olunur. Bunun üçün isə həmin xidmətlərdə qeydiyyata düşmək lazımdır. Registrasiya zamanı hər istifadəçiyə özü haqqında minimal məlumat vermək üçün anket açılır və xidmətə giriş üçün iştirakçı özünə nik və parol seçir. Administrator isə həmin nikləri digər iştirakçılarla müqayisə edir, eynilik olanda yeni iştirakçıdan başqa ad seçməyi tələb edir. Nik təsdiq olunduqdan sonra müəllif özünə şəxsi ikona da seçə bilər. Avatara adlanan belə ikonalar hərəkət edən .gif uzantılı və ya hərəkətsiz .jpg sonluqlu şəkil fayllarından ibarət olur və nikin yanında yerləşdirilir. Qeyd etmək lazımdır ki, nikləri hər hansı bir saytda qeydiyyata düşəndə və ya elektron poçta açanda istifadə edilən loginlərlə (ing. Log in — qeydiyyata alma) qatışdırmaq olmaz. Loginlər internetdə sistemə və ya istifadəçinin konfindensial informasiyalarına giriş üçündür. Ona görə də onlar digər istifadəçilər üçün əlçatmaz və görünməz olur.
Bu gün virtual məkanda niklər aləmi çox zəngin və rəngarəngdir. Burda cansız əşyaların adından tutmuş canlı varlıqların isimlərini əks etdirən istənilən nikə təsadüf etmək olar. Onların arasında elmə məlum olan və olmayan, gülməli və kədərli, mənalı və ya ilk baxışdan mənasız görünən niklər kifayət qədərdir. Uğurlu seçilmiş, yaxşı nik internetdə istifadəçilərin diqqətini tez cəlb etməklə onları maraqlanmağa və həmin nikin sahibi barədə düşünməyə məcbur edir. Psixoloqlar qeyd edirlər ki, niklər, bir növ, insanın xarakterini əks etdirir. Onlar sahibinin özünü necə görməsi və ya görmək istəməsi amilindən yaranır. Virtual reallıq da elə yerdir ki, orda insan özünü istədiyi ampulada göstərməklə müxtəlif rollara girə bilər. Klassiklər demişkən “Yalnız bir rol oynayan həyatını uduzar”. Şəbəkədə istifadəçilər ayrı-ayrı rollara elə məhz müxtəlif niklər vasitəsilə girirlər. Niklərin köməyi ilə insan əsil simasını gizlədərək özünü istədiyi adam kimi qələmə verməklə virtual şəxsiyyətə çevrilir. Virtual şəxsiyyət isə insanın daxili “Mən”inin real həyatda gerçəkləşdirə bilmədiyi bəzi aspektlərini özündə cəmləşdirir. İnternetdə münasibətlərin kompyuterlə əlaqələndirilməsi və söhbətlərin mətn yığımı ilə baş verməsi istifadəçilərə ünsiyyət zamanı öz duyğularını istədiyi kimi ifadə etməyə imkan verir. Yəni, insan öz həqiqi hisslərini həm ifadə, həm gizlədə, həm də onun yerinə tamamilə süni hisslər qələmə verə bilər. Çatlarda və ya forumlarda nik sahibinin gözəlliyi və ya çirkinliyi onun ünsiyyətinə mane olmur. Bir sözlə şəbəkədə insanın cinsi, yaşı, sosial vəziyyəti, görkəmi qarşılıqlı münasibətdə çox az əhəmiyyət daşıyır. Bəzən məlum olur ki, həmsöhbətini aldatmaq məqsədilə çatda oğlan qızlara məxsus, qız isə oğlanlara aid niklərlə iştirak edirlər. Məhz belə imkanlardan istifadə edərək elə adam var ki, internet məkanında öz adına iyirmidən çox nik yaradıb. Belə niklərin hərəsinin öz təyinatı olur. İştirakçı hər mövzu üzrə uyğun niklərdən istifadə edə bilər. Məsələn, avtomobil mövzusunda “avtoş”, “tormoz”, idman söhbətində “Çempion”, “Boksyor”, məhəbbətə aid mövzularda “Tənha”, “Aşiq” və s. kimi niklər daha cəlbedici görsənə bilər.
Dünyanın nüfuzlu nəşrlərindən biri, Fransanın “Psychologies” (Psixologiya) jurnalının Rusiya variantının 34-cü nömrəsində gedən “Öz nikini mənə de, mən deyim sən kimsən” başlıqlı məqalədə çox maraqlı bir statistika var ki, internet istifadəçilərinin 36,5%-i nikləri öz şəxsi həyatları ilə əlaqədar, 28%-i mədəniyyət sahəsi ilə bağlı, 20,2%-i isə öz ad və familiyaları ilə əlaqədar seçirlər. Şəxsi həyatla bağlı olan niklərin 23,6%-i ailə vəziyyəti və ya yaxın adamlarla münasibətdən doğur, 8,6%-i ətrafdakıların adlandırdıqları ləqəblərlə bağlı olur, 4,3%-i isə öz sahibinin xarakterinin cizgilərindən birini əks etdirir. Mədəniyyət sahəsindən gələn niklərin 9%-i teatr pyeslərində və ya kinofilmlərdə olan adlardan düzəldilir, 8%-i nağıllardan, teleseriallardan, kompyuter oyunlarından və musiqi qruplarının adlarından, 5%-i komik qəhrəmanların şərəfinə düzəldilir, 4,3%-i mifologiyadan, 1%-i isə din sahəsindən əmələ gəlir. Adlar və familiyalar ilə bağlı olan niklərin 16%-i istifadəçilərin özlərinin əsil adları ilə, 4,2%-i isə onların etnik mənsubiyyəti və ya yaşadığı yerlə bağlı olur.
Ümumiyyətlə, məntiqi düşüncəsi olan insanlar, adətən, funksional niklər seçirlər, bəzən belə niklərdən sahibinin peşəsini, hətta əsil adını da müəyyənləşdirmək olur. İnternet forumlarda və çatlarda təcrübəli iştirakçılar nikdən, onun avatarasından və forumdakı çıxışlarından nik sahibi haqqında müəyyən təsəvvürə gəlirlər. Psixoloq Aleksandr Batxen qeyd edir ki, bəzən niklər bizim kimə oxşamaq arzumuzu, hansı obrazın bizi cəlb etdiyini ifadə edir. Biz özümüzü bu obraza proyeksiya edirik və bir müddət keçdikdən sonra isə yenidən əvvəlki əslimizə qayıda bilərik. Həqiqi, yaxşı nik zaman keçdikcə öz sahibinə daha möhkəm qovuşur və nəticədə əks asılılıq əmələ gəlir. İnsan sadəlövhcəsinə hesab edir ki, o, nikin sahibidir, ancaq məlum olur ki, hər şey əksinədir. Hələ üstəlik niki imicə uyğunlaşdırmaq əvəzinə, çox vaxt imici nikə uyğun qururlar.
Niklərlə bağlı bir ciddi məsələ də var ki, uşaq və yeniyetmələr böyüklərdən fərqli olaraq, internetdə kiminlə ünsiyyətdə olduqlarını yaxşı dərk edə bilmirlər. Onlara elə gəlir ki, virtual məkanda söhbət etdikləri adamlar onların həmyaşıdları və onlarla həqiqətən dost olmaq istəyənlərdir. Müəyyən problemi olan uşaqlar müxtəlif forumlarda, çatlarda öz dərdlərini açıqlayır və kömək umurlar. Belə situasiyadan istifadə edən pis niyyətli insanlar müxtəlif cəlbedici niklərindən istifadə edərək forumlarda və çatlarda fəallıq göstərir, özlərini qayğıkeş, diqqətli insan kimi qələmə verərək uşaqların problemləri ilə maraqlanır, onlara canıyananlıq edirlər. Uşaq əyləncələri, musiqi yenilikləri, estrada ulduzları barədə yaxşı məlumatı olan bədəməllər uşaqların etimadını qazanaraq söhbət əsnasında tədricən söhbəti öz istədikləri istiqamətə yönəldərək onları yoldan çıxartmağa çalışırlar. Belə söhbətlərin sonu isə dünya mətbuatından göründüyü kimi çox faciəvi qurtara bilər. Ona görə də valideynlər və müəllimlər bu barədə uşaqları məlumatlandırmalı, onları şübhəli söhbətlərə girişməməyi və özləri haqqında məlumatları tanımadıqları nik sahiblərinə verməməyi məsləhət görməlidirlər.
Niklərin dəyişdirilməsi isə çox vaxt insanın uzun müddət ünsiyyətdə olduğu dairədən çıxmaq, xoş olmayan, təngə gətirən kontaktlardan uzaqlaşmaq arzusu ilə, bəzən isə istifadəçinin şəbəkədə ifşa olunması ilə əlaqədar olur. Yeni seçilən niklər isə, yeni rollar, yeni əlaqələr gətirir. Niklər barədə bir şeyi də qeyd etmək lazımdır ki, artıq bu gün internetdə icazəsiz olaraq yaxşı nikləri mənimsəmək kimi ənənələr də yaranmışdır. Bu da əsil nik sahiblərinin haqlı narazılığına səbəb olur və onlar bunu müəllif hüquqlarının pozulması kimi qiymətləndirirlər. Başqasına mənsub niki götürmək, bu addımı atan adamın şüursuz olaraq daxilən həmin nikə uyğun gəlməyindən də xəbər verə bilər.
Beləliklə, biz görürük ki, niklər barədə maraqlı faktlar çoxdur və onların hamısını eyni vaxtda sadalamaq çətin olar, lakin sonda bir şeyə ümid edək ki, niklər vasitəsilə özlərini virtual məkanın gizli sakinləri hesab edənlər, yəqin ki, bu söhbətdən sonra özlərinə yeni nik seçəndə hər şeyi ölçüb-biçəcək və niklərin də bizim haqqımızda müəyyən informasiyalar verdiyini nəzərə alacaqlar.

Vüqar Haqverdiyev
Azərbaycan Milli Elmlər Akademiyası
  • +2
  • 01 марта 2010, 11:03
  • Vugar

Комментарии (8)

RSS свернуть / развернуть
+
+1
maraqlidir.
Demeli men 20.2 faizdenem.
avatar

eminho

  • 02 марта 2010, 00:52
+
0
Mən özüm də, yəqin ki, 20.2 faizə düşürəm.
avatar

Vugar

  • 02 марта 2010, 10:56
+
+1
Menim nikim cox dolayi yolla adimla baghlidir, amma oxsharliq azdir. demeli men de 20.2-ye aidem :)
avatar

Elliot

  • 02 марта 2010, 12:59
+
+1
Belə getsə, məndə ordayam))
avatar

Farik

  • 02 марта 2010, 13:07
+
+1
Mən isə heç bir faizə uyğun gəlmədim:)
avatar

Acid

  • 02 марта 2010, 16:41
+
0
«Acid» adı infilis dilində turş demək olduğu üçün, xətrinizə dəyməsin yəqin Sizin xasiyyətinizdə bir qədər turşuluq var və ehtimal etmək olar ki, Siz də bu niki seçəndə öz xarakterinizi nəzərə almısınız. Ona görə də Acidi 4,3 faizə aid etmək olar.
avatar

Vugar

  • 03 марта 2010, 08:30
+
0
Xeyr. Mən bu niki seçərkən xasiyyətimi nəzərə almamışdım. İngilis dilində kitabı açdım. Gözümü yumdum, barmağımı qoydum. Acid çıxdı. ))) İnanın ki Dozanqurdu çıxsaydı onu da qoyacaqdım)))
avatar

Acid

  • 03 марта 2010, 09:35
+
0
Psixoloqlar deyir ki, təsadüflər zərurətdən doğur. Yəni, Sizin nik seçiminizi tam təsadüf hesab etmək düz olmaz. Mən bu məqaləni yazanda nikləri çox araşdırmışam və niklərə görə onun sahibin kim olduğunu ayırd etməyə çalışmışam. Zənnimcə, “Acid” pis nik deyil, o, Sizin həm ciddiliyinizə, həm də bir qədər yumor hisli olduğunuza işarə edir.
avatar

Vugar

  • 03 марта 2010, 12:10

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.