İnternet-addiksiyanın əlamətləri

İnformasiyanın ötürülməsi və qəbulu sahəsində çox böyük texniki nailiyyət olan internet özünün günü-gündən artan və yeniləşən şəbəkə resursları ilə insan fəaliyyətinin bütün sahələrində geniş perspektivlər açmaqla bərabər, həm də cəmiyyət üçün təhlükəli olan bir sıra yeni problemlər yaradıb. Bu problemlər əsasən insan sağlamlığı, kibercinayətkarlıq, haker təcavüzü, şəbəkədə müəllif hüquqlarının pozulması, informasiya təhlükəsizliyi və s. ilə bağlıdır. Vətəndaşların sağlamlığının qorunması sivil cəmiyyətdə ən ümdə məsələ olduğu üçün bugünkü söhbətimiz də məhz kiberməkanın insanların səhhətinə necə təsir göstərməsindən danışacağıq.
Tale elə gətirib ki, bir sıra insanlar öz iradələrindən asılı olmayaraq əmək fəaliyyətləri ilə əlaqədar, bəziləri isə, xüsusən, yeniyetmə və cavanlar sadəcə əylənmək məqsədilə internetdən çox istifadə etməli olur. Hər iki halda istifadəçilərin vaxtlarının böyük hissəsi kompüter qarşısında keçir. Uzun müddət ekran qarşısında oturmaq isə, həkimlərin rəyinə görə, insan səhhətinə neqativ təsir göstərir, orqanizmin immunitetini azaldır, osteoxondroz, qıcolma, yuxu rejiminin dəyişməsi, baş ağrısı, gözlərdə quruluq və s. kimi mənfi simptomlar əmələ gətirir. Sağlamlıqdan əlavə, ikinci hal, yəni qlobal şəbəkədə bütün günü əylənmək, internetdə şəbəkə oyunlarına, çatlara (ing. chat – boşboğazlıq etmək) və digər virtual söhbətlərə həddən artıq aludəçilik istifadəçilərin psixikasına çox ciddi zərər vura bilər. Bu zaman istifadəçilərin hərəkətlərində “internet-asılılığı” və ya “internet-addiksiya” (ing. addict – bir şeyə bərk bağlanmaq) adlanan psixoloji əlamətlər üzə çıxır. Alimlər internet-addiksiyanı texniki vasitələrin törətdiyi spesifik emosional “narkomaniyaya” aid edilir. Onların fikrincə, dəfedilməz internet həvəsinin və əsası olmadan şəbəkədə uzun müddət qalmağın əsasında insanın real həyatdan uzaqlaşmaq cəhdi durur ki, bu da alkoqolizmdə, narkomanlıqda və qumar oyunlarında olan patoloji meyllə müqayisə edilə bilər. İnternetdən asılı vəziyyətə düşənlər öz problemlərinin həllini ondan qaçmaqda, problemin mövcudluğunu inkar etməklə saatlarla virtual aləmdə əylənməkdə görürlər. Onlar zaman anlayışını itirir, fizioloji tələbatlarına etinasızlıq edir, yuxudan və qidadan imtina etməklə kiberməkanda daha çox qalmağa çalışırlar. Bütün vaxtlarını və pullarını internetə sərf edənlər daim yeni və daha mükəmməl kompüter avadanlığına sahib olmağa can atırlar. İnternet düşkünləri virtual aləmdən kənarda özlərini boş, depressiyada, yorğun və əsəbi hiss edir, kiberməkana daxil olan kimi həvəslənərək yüksək əhval-ruhiyyəyə gəlirlər. Onlar əl çəkmədən fasiləsiz olaraq elektron poçtlarını yoxlayır, orda məktub görməyəndə bərk əsəbiləşirlər. Bunlardan əlavə internetdən ikiəlli yapışanlar ailəyə və dostlara laqeydlik nümayiş etdirir, işdə, evdə fəaliyyətləri barədə yalan danışırlar. Ən qorxulu məqamlardan biri də odur ki, virtual söhbətlərdə bülbül kimi cəh-cəh vuranlar ətrafdakılarla canlı ünsiyyətdə olduqca kobud və aqressiv olurlar.

İnternet-addiksiyanın ağır nəticələri
İnternetdən ölümcül asılı olanlar cəmiyyət üçün potensial təhlükə mənbəyinə çevrilirlər. Hazırda ABŞ-da, Kanadada, Rusiyada, Çində, Cənubi Koreyada və bir sıra digər ölkələrdə internet-addiksiya bir xəstəlik kimi tibb müəssisələrində müalicə edilir. Bu yaxınlarda Sumqayıt şəhərində ali məktəbə hazırlıq kursu keçən 18 yaşlı oğlanın kompüter qarşısında qıcolmadan dünyasını dəyişməsi, keçən il Şəmkir rayonunda 15 yaşlı uşağın özünə kompüter almaq məqsədilə oğurluq etməsi, bu hadisədən bir müddət əvvəl Yasamal rayon ərazisində internet-klub işçisinin pulla pornoqrafik materiallar yayarkən polis işçiləri tərəfindən yaxalanması, hələ ondan da xeyli qabaq Bakının Xətai rayonunda yerləşən internet-klubda çat zamanı iki yeniyetmə arasında düşən mübahisədə onlardan birinin bıçaqlanaraq həyatını itirməsi və digər analoji hadisələr artıq respublikamızda da internet asılılığına çox ciddi yanaşmağa, belə asılılığı müəyyən edən və aradan qaldıran mexanizmlərin yaradılmasına tam əsas verir.

İnternet-klublarında vəziyyət

Axırıncı iki hadisə həm də bəzi internet-klub və kafelərində vəziyyətin qeyri-normal olduğuna dəlalət edir. Xüsusən, zirzəmilərdə, standartlara uyğun gəlməyən və gözdən uzaq yerlərdə fəaliyyət göstərən internet-klublarının çoxunda vəziyyət olduqca acınacaqlıdır. Belə müəssisələrin çoxuna daxil olduqda, ilk baxışdan burda kimin adminstrator olduğunu ayırd etmək mümkün deyil. Əyni-başı səliqəsiz, sir-sifətini tük basmış bir adamın administrator olduğunu biləndə artıq adamda burdakı vəziyyət barədə müəyyən təəssürat yaranır. İKT sahəsində qətiyyən anlayışı olmayan internet-klub işçilərinin özlərinin internetə qurşanması salonda nizam və intizamın tam nəzarətsiz qalmasına səbəb olur. Belə administratorlar internetə o qədər aludə olurlar ki, onları virtual aləmdən ayırmağa adam risk etmək istəmir. Nəzarətsizlikdən istifadə edən bəzi yeniyetmələr isə bir kimsəyə məhəl qoymadan istədikləri saytlara girir, şəbəkə oyunları zamanı ağızlarına gələni danışır, biədəb ifadələr işlədir, əcaib səslər çıxardırlar. Nəzərə alsaq ki, evdə kompüteri olmayan uşaqların əksəriyyəti məhz internet-klublarının xidmətindən istifadə etməyə məcbur olur, onda onların belə salonlarda internetin hansı resurslarından faydalanacağı sual doğurur. Əslində internet-klubu idarə edənlər salonda nizam-intizama birbaşa cavabdeh olmalıdırlar, onlar istifadəçiləri sakitliyə riayət etməyə dəvət etməli, qayda-qanunu pozanları klubdan kənarlaşdırmalı, internetdən düzgün istifadə edə bilməyən müştərilərə metodiki köməklik göstərməli, xüsusən azyaşlıları internetin mümkün təhlükələri barədə təlimatlandırmalı, uşaqlara balacalar üçün faydalı resursların hansı saytlarda yerləşdiyi barədə məlumat verməlidir. Bu vəzifələri yerinə yetirmək üçün isə internet salonlarında sağlam əqidəli, mükəmməl kompüter və internet savadı olan mütəxəssislərin işləməsi olduqca vacibdir. Xüsusən ona görə ki, internet-klublarında hökm sürən intizamsızlığın ucbatından belə yerlərdə zənənlər gözə dəymir, halbuki məktəbli və tələbə qızların da öz təhsilləri ilə əlaqədar internetdə müəyyən məlumatlar toplaması olduqca vacibdir.

Bəs valideynlər nə etməlidir?

Bu gün hər evdə müasir kompüter dəstinin olması artıq zamanın tələbidir. Uşağın kompüterdən öz evində istifadə etməsi, internet-klublarından və ya dostlarının yanından daha etibarlıdır. Bu internetin təhlükə riskini xeyli azaldır. Lakin, övladlarına kompüter almaqla valideynlər öz borclarını yerinə yeridiklərini düşünməməlidirlər. Əsas məsələ uşağın diqqətini bu avadanlıqdan düzgün istifadə etməyə istiqamətləndirməkdir. Bunun üçün kompüter evdə uşaqların istədikləri yerə deyil, rahat nəzarət oluna bilən yerə qoyulmalı, kompüterdə işləmək vaxtı reqlamentə salınmalıdırlar. Övladlarının kompüterdə nə işlə məşğul olduğunu nəzarətdə saxlamaq üçün böyüklər özləri də kompüter biliklərinə yiyələnməlidir. Valideyn kompüterdə işləmək qaydasını bilməyəndə bu sahədə öz övladına bir şey başa sala bilməz.
Ata-ana çalışmalıdır ki, övladları kompüterin, internetin müsbət cəhətlərindən istifadə etsinlər. Belə olduqda uşaqlarda proqramlaşdırma, veb-dizayn, qrafika və s. kimi kompüter peşələri ilə məşğul olmaq həvəsi yarana bilər. Professional kompüter savadı olan mütəxəssislərə həmişə böyük tələbat olur və uşaqlar gələcəkdə yüksəkmaaşlı işlə təmin oluna bilərlər. Uşaqların kompüterdən və internetdən düzgün istifadə etməsi onlara dərslərini hazırlamaqda, imla və kurs işlərinin yazmaqda, dünyada baş verən hadisələr, tarix, mədəniyyət incəsənət haqqında məlumatlar almaqda çox kömək edər.
Bunlardan əlavə, valideynlər övladlarının aktiv uşaq oyunlarına və hərəkət etməyə marağını artırsalar, onları sağlam və güclü olmaq üçün dərsdən kənar idman məktəblərinə qoysalar daha məqsədəuyğun olar. Azyaşlıların orqanizmlərinin inkişaf etməsi və normal formalaşması hərəkət etmək, oynamaq, təmiz hava tələb edir. Ona görə də, qoyun uşaqlar vaxtlarının çox hissəsini kompüterdə deyil, təbiətin qoynunda, gəzintidə, qaçdı-tutdu oynamaqla keçirsinlər və bundan da sevinc hissi duysunlar.

Vüqar Haqverdiyev

Mənbə: ucnoqta.az/iqtisadiyyat/10350.html
  • +2
  • 06 марта 2010, 11:07
  • Vugar

Комментарии (9)

RSS свернуть / развернуть
+
0
Ребята не забываем кат ставить, я за всех это делать не буду! лично я за это буду минусовать…
avatar

Cluster

  • 06 марта 2010, 19:30
+
0
Буду учитывать
avatar

Vugar

  • 07 марта 2010, 11:36
+
0
Maraqlı yazıdır...Amma bu bizdə adi haldır =) Klublarda söyüş söymək, dava eləmək, bitkilər və s....
avatar

deutsch1988

  • 06 марта 2010, 20:09
+
0
Bu yazı qəzetdə verildiyi üçün mən hələ yumuşaq yazmışam.
avatar

Vugar

  • 07 марта 2010, 11:38
+
0
Məncə bu adi bir haldır… Digər ölkələrdədə bu problem mövcuddur.

Cluster isə demək istəirdi ki, «cut» texnolgiyasından istifadə edin :) Bu: düyməciklər panelində «qayçı» işarəsidir.
Mövzunun qısa formada göstərməsi üçündür. Daha dəqiq desək, yəqin görmüsünüz, «Ardını oxumaq». Bu qədər
avatar

Farik

  • 07 марта 2010, 08:55
+
0
Digər ölkələrdə bu problemlə məşğul olduqları halda, bizdə hələ gözləyirlər. Halbuki, artıq onun ağır nəticələri üzə çıxmadadır. Mənə məlum olan rəsmi faktları mən yazıda qeyd etmişəm. Ancaq yüzlərlə hadisə statiskadan kənarda qalır.
avatar

Vugar

  • 07 марта 2010, 11:45
+
0
Farik mən 9 il Almaniyada yaşamışam və belə problem görməmişəm!!!
Neçə deyərlər ancaq aZƏRBAYCANDA =)
avatar

deutsch1988

  • 07 марта 2010, 13:08
+
0
«Ancaq Azərbaycanda..» mövzunun davamına:

Ancaq Azərbaycanda hər bir texnologiyanın pis cəhətlərindən danışıb, ondan uzaq durmağa çağırırlar. Faydalı cəhətlərindən istifadə etmək heç kimin ağlından keçməz.
avatar

kataloq

  • 09 марта 2010, 07:42
+
0
Diqqətlə fikir versəniz görərsiz ki, yazıda kompüterdən uzaq olmaq yox, ondan düzğün istifadə etmək, ehtiyatlı olmaq və sağlamlığımızı qorumaq tövsiyyə olunur.
avatar

Vugar

  • 09 марта 2010, 10:50

Только зарегистрированные и авторизованные пользователи могут оставлять комментарии.